Multikulturalizm: nailiyyətlər və problemlər

Bakı haqqında

Bakı haqqında

Azərbaycanın paytaxtı Bakı həm də respublikanın ən böyük şəhəridir. O, Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənub hissəsində 40o 23′ en və 49o 51′ uzunluq dairələrində yerləşir. Böyük Bakının tərkibinə 2,2 min kvadrat kilometrlik geniş ərazi daxildir və o, tək bir şəhəri deyil, nəhəng şəhər aqlomerasiyasını əmələ gətirir.

Bakının inzibati ərazisi 11 rayona ayrılır: Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Səbayel, Sabunçu, Xəzər, Xətai, Suraxanı və Yasamal.
Şəhərin mərkəzi hissəsi Bakı buxtasına doğru enən çıxıntılarla qövsşəkilli meydana açılır. Bakının planı əsasən düzbucaqlı formasındadır, yalnız şəhərin qədim hissəsində, qala divarlarının içərisində əyri-üyrü və dar küçələrə rast gəlmək olar.
Ucqarlardan fərqli olaraq, mərkəzdə və əsas magistral yollarının ətrafında tikintilər sıxdır. Bakıya bitişik qəsəbələr neft hasilatı mərkəzləridir, dəmiryolu nəqliyyatı, maşınqayırma və tikinti materialları (kub daşları, sement, əhəng istehsalı) müəssisələri bu qəsəbələrdə yerləşir, mineral mənbələrə (Şıx, Suraxanı) burada rast gəlinir. Şəhər kənarlarında çoxlu palçıq vulkanları (Keyrəki, Boqx-boqxa, Lökbatan və s.) və duz gölləri (Böyükşor, Xocasan və s.) var. Sahilyanı çimərlikləri ilə birgə Abşeron yarımadasının kurort zonası da şəhərin hüdudlarında yerləşir. Bakının sahilyanı bölgəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır.
Bakının da daxil olduğu Abşeron yarımadasında yayı quru keçən mülayim-isti iqlim hakimdir. Yunanıstan və İtaliya ilə eyni en dairəsində yerləşən Abşeron daha yüksək orta illik temperaturu və yağıntıların miqdarının azlığı ilə fərqlənir. Xəzər dənizi bu en dairəsində donmur, çünki Bakı dəniz limanı bütün ili fəaliyyət göstərir. Bakının və Yer kürəsinin orta illik temperaturu 10 payadək üst-üstə düşür (14,2oS). İyulda orta temperatur +26oS, yanvarda +3o Selsidir. Bura ildə 180-300 mm yağıntı düşür. Böyük Bakının cənub-qərb hissəsi Azərbaycanın ən quraqlıq ərazisidir – yağıntının illik miqdarı 150 mm-dən azdır. Güclü şimal küləyi – xəzri və cənub küləyi – gilavar şəhər üçün səciyyəvidir.
Müasir Bakı özündə neft və qaz hasilatı, neft-kimya, maşınqayırma, metal emalı sənayesi və tikinti materialları istehsalı sahəsini ehtiva edən iri sənaye kompleksidir.
Ölkənin elmi və mədəni həyatı Bakıda mərkəzləşib. Müsəlman Şərqində ilk dəfə məhz milli teatr, opera, universitet burada yaranıb. İlk Azərbaycan qəzeti burada nəşr olunub, ilk Azərbaycan kitabxanası-oxu zalı burada istifadəyə verilib.
Bakı mühüm nəqliyyat qovşağıdır. Yük dövriyyəsi üzrə aparıcı yeri dəniz ticarət limanı tutur. Bakıdan dünyanın bir çox şəhərlərinə hava reysləri mövcuddur. Şəhərdən Gürcüstana, Rusiyaya və İrana dəmiryolu keçir.
Bakı İzmir (Türkiyə), Neapol (İtaliya), Dakar (Seneqal), Sarayevo (Bosniya və Herseqovina), Bordo (Fransa), Bəsrə (İraq), Hyuston (ABŞ) və Maynts (Almaniya) şəhərləri ilə qardaşlaşıb.



«Bakı» adının mənşəyi

«Bakı» adının mənşəyi, eləcə də şəhərin dəqiq yaşı ilə bağlı hələ də mübahisələr gedir. Məsələn, ingilis arxeoloqu Vilyam Petri (Sir William Flinders Petrie) ehtimal edir ki, Misirin b.e.ə. II minilliyə aid Ölülər Kİtabında yazılmış «Baxou (Bakhay) doğan günəş dağı» ifadəsi Bakıya aiddir. Bəzi alimlər «Bakı» sözünü qədim mənbələrdə əks olunmuş Qaytar, Alban, Baruka adlarıyla bağlayırlar. B.e.ə V-VIII əsrə aid mənbələrdə bu şəhər barəsində Baqavan, Atəşi Baqavan kimi söz açılır. IX əsrdən başlayaraq, ilk dəfə ərəb mənbələrində «Bakı», «Bakux», «Bakuya», «Bakuyə» sözlərinə rast gəlinir. Sonralar Avropa mənbələrində şəhərin adı «Baqa», «Baki», «Bakhi», rus mənbələrində isə «Baka» kimi qeyd edilir. XVIII əsrdən etibarən Bakı adına fars mənbələrində «Badkubə» kimi təsadüf olunur. Bu ad iki fars sözünün – «bad» – külək və «kubə» – vurmaq (əsmək) sözlərinin birləşməsindən yaranıb, «Badkubə» – «küləyin əsdiyi şəhər» mənasını verir. Görünür, Bakıda güclü küləklər əsdiyindən, bəzi müəlliflər şəhəri belə adlandırıblar. Hazırda Azərbaycan dilində şəhərin adı «Bakı» kimi işlənir.
«Bakı» adının mənşəyi ilə bağlı vahid rəy yoxdur və müxtəlif mənbələrdə fərqli fərziyyələrdən istifadə olunur. Mövcud versiyalardan bəziləri bunlardır.
Bu sahədə aparıcı mütəxəssis professor Sara Aşurbəyli hesab edir ki, bu sözün kökü zərdüştiliyə gedib çıxır və «Bakı» adı bir sıra qədim dillərdə «günəş», «Tanrı» mənasını verən «baqa» sözündən törəyib.
Türkiyənin «İslam ensiklopediyası»nda «Bakı» sözünün mənşəyini türkcə «Baş şəhər» anlamına gələn «Bəy-köy» sözləriylə bağlayırlar.
Qafqazşünas alim K.P.Patkanovun versiyasına görə, Bakının adı lak dilində «bak» – təpə sözündən götürülüb, çünki Bakı təpələrin üzərində yerləşir. Tarixçi Əli bəy Hüseynzadə də həmçinin iddia edir ki, «təpə» mənasında Baki sözünə XI əsrdə Mahmud Kaşğarinin tərtib etdiyi məşhur lüğətdə rast gəlinir.
Bəzi alimlər «Bakı»nı etnotoponim hesab edirlər və bildirirlər ki, bu ad b.e.ə XII-V əsrlərdə Abşeronda məskunlaşan qədim «bakan» və ya «baqi» tayfalarından adından törəyib.

Flags Widget powered by AB-WebLog.com.